Aysel Yaqubova: Dekarbonizasiya səyləri yalnız yeni tikilmiş binalara yönəlməməlidir
Bakı, 21 may, AZƏRTAC
Dekarbonizasiya səyləri yalnız yeni tikilmiş binalara yönəlməməlidir. Mövcud mənzil fondu, xüsusən də köhnə binalar, modernləşdirmə və enerji səmərəliliyi tədbirləri ilə təkmilləşdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (İƏT TEM) direktoru Aysel Yaqubova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) çıxışı zamanı deyib.
O, İƏT regionunda geniş tətbiq olunan bir sıra fəaliyyətləri də qeyd edib.
“Bunlar arasında binalar üçün Enerji Məcəllələri - həm yeni binalar, həm də əsaslı renovasiya olunmuş binalar üçün minimal baza enerji performans standartlarının müəyyən olunması, Enerji Auditləri və İdarəetməsi - böyük kommersiya və ictimai binalarda dövri enerji auditləri aparılması və sızmaların müəyyən edilməsi ilə faktiki enerji istifadəsinin izlənməsi, Maliyyə təşviq mexanizmləri - əmlak sahiblərini xarici izolyasiya və müasir qazanxanalar kimi maliyyə tələb edən modernləşdirmələrə investisiya qoymağa təşviq etmək üçün dövlət qrantlarından, subsidiyalaşdırılmış “yaşıl kredit”lərdən və vergi güzəştlərindən istifadə edilməsi xüsusilə qeyd olunmalıdır”, - deyə mərkəz direktoru vurğulayıb.
Ölkə nümunələrinə istinad edərək A.Yaqubova, Azərbaycanda - yeni evlər və ictimai binalarda təbii qazdan asılılığı azaltmaq üçün daha yaxşı izolyasiya və ölçmə sistemlərinin inteqrasiyasının təşviqi, Türkiyədə - binaların Enerji Performans Tənzimləməsinin tətbiqi, Qazaxıstanda - təmiz enerjiyə keçid çərçivəsində istilik şəbəkələrinin təkmilləşdirilməsi, Sovet dövründən qalma çoxmənzilli binaların izolyasiyası və yeni tikilmiş çoxmərtəbəli binalarda enerji qaydalarına uyğunluğun ciddi şəkildə təmin edilməsi təcrübələrini qeyd edib. Onun sözlərinə görə, ölkələr tərəfindən bu kimi tədbirlər lokal həyata keçirilsə də, İƏT TEM kimi regional davamlı enerji mərkəzləri qlobal ambisiyaları yerli tətbiq reallıqları ilə əlaqələndirmək üçün öz təcrübələrini təqdim edirlər: “Bu mərkəzlər bilik mübadiləsi, tərəfdaşların dialoqu, texniki yardım və potensialın artırılması yolu ilə oxşar çətinliklərlə üzləşən ölkələr arasında uğurlu təcrübə mübadiləsini asanlaşdıra bilər”.