ASK: Hazırda Azərbaycanda 116 biznes assosiasiyası fəaliyyət göstərir
Bakı, 7 mart, AZƏRTAC
Hazırda Azərbaycanda 116 biznes assosiasiyası fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Natavan Məmmədova “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
O bildirib ki, biznes assosiasiyalarının güclənməsi iqtisadiyyatın güclənməsi deməkdir.
“Biznes assosiasiyaları arasında əlaqələr gücləndirilməlidir. Fərqli sahələrdə fəaliyyət göstərən sahibkarların bir araya gələrək öz təklifləri, problemləri, çağırışları, eləcə də gözləntilərini formalaşdıraraq aidiyyəti üzrə çatdırması çox önəmlidir. Biznes assosiasiyaları qeyri-hökumət və qeyri-kommersiya qurumlarıdır. Düşünürəm ki, onlarla bağlı müəyyən meyarların daha dəqiq göstərilməsi faydalı olacaq”, - deyə baş katib vurğulayıb.