Aşqabadda keçirilən beynəlxalq konfransda su ehtiyatlarının rasional istifadəsinin önəmindən danışılıb
Aşqabad, 3 aprel, AZƏRTAC
Türkmənistanın Su Təsərrüfatı Nazirliyi və Təbiətin Mühafizəsi Nazirliyinin təşkilatçılığı ilə Aşqabad şəhərinin “Mizan” biznes mərkəzində “Su damcısı-qızıl dənəsi” bayramına həsr edilmiş “Su ehtiyatlarının rasional və effektli istifadəsi və ətraf mühitin qorunmasının aktual məsələləri” adlı beynəlxalq konfrans keçirilib.
Konfransda bir çox ölkələrdən və beynəlxalq təşkilatlardan 150-dən artıq alim, ekspert və digər nümayəndələr iştirak ediblər.
Azərbaycanı bu tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, nazirliyin ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ərəstun Həsənov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin birinci müavini Məmmədsadıq Quliyev və ölkəmizin Türkmənistandakı səfiri Vəhdət Sultanzadə təmsil ediblər.
Konfransda məruzələrlə çıxış edən R.Hacıyev, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi A.Vasilyev, BMT-nin Türkmənistandakı daimi koordinatoru J.Barrins və başqaları müasir dövrdə ekologiya məsələlərinin, eyni zamanda, su ehtiyatlarının effektli istifadəsi məsələsinin kəsb etdiyi ümumbəşəri əhəmiyyətdən danışıblar. Qeyd edilib ki, bu mühüm məsələlər həll edilməzsə müasir cəmiyyətin gələcək sabit inkişafına nail olmaq mümkün deyil.
Diqqətə çatdırılıb ki, bu tədbir qeyd olunan sahədə sazişlərin yerinə yetirilməsi istiqamətində ölkələrin əldə etdikləri təcrübələrin bölüşdürülməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün əlverişli platformadır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad