Aşqabadda keçirilən Diplomatiya Günündə Azərbaycan səfirliyi də iştirak edib
Aşqabad, 18 fevral, AZƏRTAC
Türkmənistanın paytaxtı Aşqabad şəhərində Diplomatlar Günü və Türkmənistanın bitərəflik statusunun əldə edilməsinin 20 illiyi münasibətilə ölkənin Xarici İşlər Nazirliyi tərəfindən silsilə tədbirlər keçirilir.
Aşqabadda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbirlərə Azərbaycanın bu ölkədəki səfiri Vəhdət Sultanzadə və səfirliyinin əməkdaşları da qatılıblar.
Tədbirlər çərçivəsində səfirliklər tərəfindən təşkil edilən tətbiqi incəsənət nümunələrinə dair sərgidə Azərbaycanla bağlı guşə iştirakçılarda maraq doğurub. Səfirliyin əməkdaşları keçirilən idman yarışlarında da iştirak ediblər.
Vəhdət Sultanzadə “Türkmənistanın bitərəfliyi sülhün, yaxın qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın qarantıdır” adlı konfransda iştirak edib.
Qeyd edək ki, 2009-cu ildən hər il fevralın 18-də Türkmənistanda diplomatiya işçilərinin bayramı qeyd olunur.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad