HEYDƏR ƏLİYEV - 1
Aşqabadda Ulu Öndərin anım günü ilə əlaqədar tədbir təşkil olunub
![](/files/galleryphoto/2023/3/1200x630/17022774432161112984_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022774433251321511_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702277443311215283_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022774436393523810_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17022774433588852360_1200x630.jpg)
Bakı, 11 dekabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Türkmənistandakı səfirliyində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən Q.Gözəlov Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.
Özbəkistanın və Türkiyənin türkmənistandakı səfirləri Akmaljon Kuçkarov və Toqan Oral çıxışlarında Ulu Öndər haqqında fikir və mülahizələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə, həmçinin Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Qazaxıstan və Qırğızıstanın bu ölkədəki səfirləri, eləcə də ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.
Sonda tədbir iştirakçılarına Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi, türkmən dilində dərc olunmuş “Əbədiyyət dastanı” (Ebedilik dessany) poemalar kitabı paylanıb.