Aşqarlar Kimyası İnstitutunda koronavirusla bağlı profilaktik tədbirlər
Bakı, 14 mart, AZƏRTAC
AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) dünya ölkələrində sürətlə yayılmaqda olan koronavirus pandemiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 2020-ci il 11 mart tarixli sərəncamının icrası ilə əlaqədar elmi müəssisədə iclas keçirilib.
AKİ-dən AZƏRTAC-a bildirilib ki, iclasda müəssisənin rəhbər işçilərinə koronavirusla bağlı bir sıra profilaktik tədbirlərin keçirilməsi tapşırılıb. Profilaktik tədbirlərə kütləvi tədbirlərin keçirilməsinin, işçilərin koronavirusun yayıldığı xarici ölkələrə ezamiyyətlərinin məhdudlaşdırılması, institutun binasında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin aparılması, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiqi daxildir. Bununla yanaşı, qrip əlamətləri müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması, işçilərin yoluxma hallarını istisna etmək məqsədilə güzəştli davamiyyət rejimi, institutun binasında qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların tətbiqi nəzərdə tutulur.