Astanada Xəzərin ekoloji vəziyyəti ilə əlaqədar beynəlxalq videokörpü keçirilmişdir
Astana, 6 noyabr (AZƏRTAC). Astanada Xəzər dənizinin ekoloji vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin ekoloqlarının iştirakı ilə beynəlxalq videokörpü keçirilmişdir.
Videokörpüdə Xəzəryanı dövlətlərin iştirakı ilə doqquz il əvvəl Tehranda imzalanmış “Xəzər dənizi mühitinin qorunması ilə əlaqədar Çərçivə Konvensiyası”nın müddəalarının yerinə yetirilməsi, neft şirkətləri tərəfindən Xəzərin çirkləndirilməsi, dənizin bioloji ehtiyatlarının qorunması və digər məsələlər müzakirə olunmuşdur.
Rusiya Elmlər Akademiyası Geosfera Dinamikası İnstitutunun elmi işçisi Boris Qolubev Xəzərin geoloji problemlərinin həlli üçün ümumi elmi yolların işlənib hazırlanmasının vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, Xəzərin zəngin neft-qaz ehtiyatları dünyanın böyük neft şirkətlərini bu regiona cəlb edir. Nəticədə karbohidrogen ehtiyatlarının çıxarılması dənizin ekologiyasına da ciddi ziyan vurur. O demişdir ki, Tehran Konvensiyası çərçivəsində yeni protokol hazırlanmalı və bu sənəddə Xəzərin mühafizəsi ilə bağlı yeni və vahid siyasət öz əksini tapmalıdır. B.Qolubev, həmçinin dənizin dibinin vahid monitorinq sisteminin yaradılmasını da təklif etmişdir.
Videokörpüyə Bakıdan qatılan Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttarzadə neftin çıxarılmasının Xəzər üçün əsas çirklənmə mənbəyi olması fikri ilə razılaşmamışdır. Onun sözlərinə görə, bu sahəyə müasir texnologiya və nəzarət metodları cəlb olunmalıdır. R.Səttarzadə bildirmişdir ki, bu gün Xəzəri yerüstü mənbələrin çirkablarından və dənizə tökülən Ural və Tiqaç çaylarının gətirdiyi tullantılardan qorumaq daha aktualdır. Qeyd olunmuşdur ki, son illər Azərbaycanda Xəzər sahillərində yeni təmizləmə qurğularının tikintisi və mövcud qurğuların modernləşdirilməsi ilə bağlı işlər aparılır. Sumqayıtda yeni təmizləmə qurğusunun tikintisi istiqamətində işlər davam etdirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana