Astara gəncləri üçün yenilik
Bakı, 5 iyul, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Astara rayonunda yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndəsi, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri, həmçinin bölgə gəncləri iştirak ediblər.
GİKM-dən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində gənclərlə söhbətdən və mərkəzlə tanışlıqdan sonra çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb, gəncləri bu imkanlardan yararlanmağa çağırıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar, həmçinin digər tədbirlər təşkil olunacaq. Regionlarda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Tədbir daha əvvəl açılışı olmuş nümayəndəliklərin fəaliyyətinə dair videoçarxların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam edib.
Astara gəncləri, həmçinin “Gənc Könüllü” proqramına qoşulmağa dəvət ediliblər.
Bununla da Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin fəaliyyətə başladığı şəhər və rayonların sayı 41-ə çatıb. Bu il ölkənin bütün şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin açılması nəzərdə tutulur.