Astarada şəhid Seyran Yusifovun xatirəsi anılıb
Astara, 5 mart, Bağır Əliyev, AZƏRTAC
Astarada şəhid Seyran Yusifovun doğulduğu Qəcimardə kəndində anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyalıların, kənd sakinlərinin və şəhidin ailə üzvlərinin iştirak etdiyi mərasimdə çıxış edənlər qeyd ediblər ki, Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, onların həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzindədir.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətləri müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasıdır.
Mərasim iştirakçıları daha sonra şəhid Seyran Yusifovun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Qeyd edək ki, 1974-cü ildə Astara rayonunun Qəcimardə kəndində anadan olan Seyran Yusifov 1992-ci ildə ordu sıralarına çağırılıb. Hərbi xidməti vəzifəsini ləyaqətlə yerinə yetirərkən 1993-cü il martın 3-də şəhid olub.
Bir vaxtlar təhsil aldığı Qəcimardə kənd ümumi orta məktəbi Seyran Yusifovun adını daşıyır.