Astarada Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı mərasim keçirilmişdir
Astara, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Astara şəhərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anma mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri “Şəhidlər” abidə-kompleksinin, burada uyuyan qəhrəmanların məzarları üzərinə gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad etmişlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Mərasim rayon mədəniyyət evində davam etdirilmişdir.
Tədbir iştirakçıları mədəniyyət evinin foyesində Xocalı faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanış olmuş, “Xocalı qətliamı” sənədli filminə tamaşa etmişlər.
Mərasimdə iyirminci yüzilliyin sonunda ermənilərin köməksiz, silahsız insanlara qarşı törətdikləri Xocalı soyqırımının dəhşətləri barədə ətraflı məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı kimi daxil olmuşdur.
Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Bildirilmişdir ki, bu faciənin beynəlxalq miqyasda tanınması üçün uzun müddət heç bir iş görülməmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində Xocalı soyqırımına hüquqi və siyasi qiymət verilmişdir.
Bu siyasəti uğurla davam etdirən Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhərinin və işğal altında olan bütün torpaqlarımızın tezliklə geri alınacağına, öz ölkələrində qaçqınlıq həyatını yaşayan soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına əminlik ifadə edilmişdir.
Rayonun bədii özfəaliyyət kollektivləri mərasimdə Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.