Astarada YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib
Astara, 20 oktyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyev nitqində müstəqil, suveren dövlətimiz üçün bu günə və gələcəyə yönəlmiş siyasi-strateji çərçivə təqdim edərək, qarşıda duran əsas vəzifələri müəyyənləşdirib. Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk Qurultay olması baxımından da xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Astarada Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirədə səsləndirilib.
Müşavirədə Astara Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, QHT və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında bildirib ki, YAP-ın VIII Qurultayı sadəcə siyasi təqvimdə növbəti qurultay deyil, Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını xarakterizə edən siyasi hadisədir. Dövlət başçısı Vətən müharibəsində əldə olunmuş Zəfəri və 2023-cü il antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsini bu yeni mərhələnin əsas tarixi dayaqları kimi qeyd edib. Q.Ağayev vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qoruyaraq, milli birliyinə, güclü iqtisadiyyatına və qüdrətli ordusuna arxalanmaqla qalib dövlət kimi əbədi yaşayacaq.
Sonra Astara rayonu üzrə Təhsil sektorunun müdiri Xədicə Əliyeva çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin Qurultaydakı nitqi ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. O, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin təhsil sahəsində də qarşıya yeni vəzifələr qoyduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və keyfiyyətli təhsillə təmin olunmasının vacibliyini vurğulayıb.
Daha sonra Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin qorunmasının və gələcək nəsillərə çatdırılmasının, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda yetişdirilməsinin mühüm vəzifələrdən olduğunu deyib. O, təhsil müəssisələrinin bu istiqamətdə üzərinə düşən məsuliyyəti vurğulayaraq, gənclərin dövlətçilik ənənələrinə sadiq, savadlı və fəal vətəndaşlar kimi formalaşmasının vacibliyini qeyd edib.
Müşavirədə digər çıxış edənlər də Qurultaydakı nitqin əhəmiyyətindən söz açıb, dövlətin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsinin vacibliyinə toxunublar. Çıxışlarda ölkədə siyasi sabitliyin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın davam etdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin önəmi qeyd olunub.
Müxbir- İlkin Adıyev