REGİONLAR
Atasından miras qalan çayçılığı bu gün də davam etdirir - FOTO VİDEO








Astara, 16 dekabr, İlkin Adıyev, AZƏRTAC
Astara rayon sakini Şinanaz İdrisova çayçı ailəsində böyüyüb. Ata və anası bu sahə ilə məşğul olduğu üçün ailənin bütün qız övladları kimi, o da çayçılığın sirlərinə yiyələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şinanaz xanım hələ beşinci sinifdə oxuyarkən ilk dəfə çay yığımına başlayıb. Amma bu sevimli peşə onun təhsilinə mane olmayıb. Əksinə, hər sahədə zəhmətə qatlaşmağı öyrədib.
“Çay sahələri bizə atalarımızdan miras qalıb. Bu sevimli peşəyə 1970-ci ildən başlamışam. İşə anamla gələrdik. Evdə altı bacı idik, hamımız gedərdik çay yığmağa. Dəfələrlə qabaqcıl çayçı adını qazanmışam. İndiki kimi yadımdadır, 25 yaşım vardı, bir gündə 300 kiloqramdan çox çay yığmışdım. Bu xəbərdən sonra qəzetlərdə, jurnallarda şəkillərim çıxmağa başladı”, - deyir Şinanaz xanım.
Bütün fəsillərdə becərmə işləri üçün sahəyə gələn təcrübəli çayçı əziyyətlə keçən uzun illərin ona düzgün çay becərilməsinin bütün praktik biliklərini öyrətdiyini söyləyir: “Çayın becərilməsi çox zəhmət tələb edir. Vaxtında aqro-texniki qulluq göstərilməsə, çay kolları məhv olar. Onun üçün çayçılıqla məşğul olan adamlar çox məsuliyyətli olmalıdırlar”.
Müsahibimiz deyir ki, çayın dadlı və təravətli olması üçün ona düzgün qulluq göstərmək və dəqiq yığım aparmaq əsas şərtlərdəndir. Əks halda, çay sahəsindən gözlənilən nəticəni əldə etmək mümkün olmur.
Çayçı xanımdan bu mövsüm emal müəssisələri bir kiloqram yaşıl çayı 1 manat 10 qəpiyə qəbul edib.
Hər il bölgədə yeni çay sahələrinin salınması hamı kimi Şinanaz xanımı da sevindirir. Çünki Azərbaycan çayının ənənəvi şöhrəti yenidən özünə qayıdır.