ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel Gəncəyə səfər etmişdir
Gəncə, 18 may (AZƏRTAC). ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel mayın 18-də Gəncəyə səfər etmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilmiş görüşdən sonra jurnalistlərə səfərinin məqsədini açıqlayan ATƏT-in rəsmisi demişdir ki, onun rəhbərlik etdiyi Bakı ofisi son illər Azərbaycanın bölgələrində, o cümlədən Gəncədə də fəaliyyətini genişləndirmişdir. Məhz bununla bağlı ATƏT-in nümayəndələri mütəmadi bölgələrə səfər edərək icra hakimiyyətinin başçıları, eləcə də hüquq mühafizə orqanlarının əməkdaşları ilə müxtəlif mövzularda müzakirələr aparmışlar.
Azərbaycandakı ikiillik fəaliyyətinin başa çatdığını qeyd edən Ə.B.Cankorel bu dövr ərzində görülmüş işləri müsbət qiymətləndirmişdir. Diplomat vurğulamışdır ki, bu müddətdə Azərbaycanda bir sıra ictimai-siyasi hadisələr, o cümlədən Milli Məclisə və yerli idarəetmə orqanları olan bələdiyyələrə seçkilər keçirilmişdir. Azərbaycanda insan alverinə və narkotiklərə qarşı mübarizə, eləcə də insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində həyata keçirilmiş mühüm tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə olunmuşdur.
ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində qazandığı uğura görə də təbrik etmişdir. Səfər çərçivəsində Ə.B.Cankorel şəhər polis idarəsində də olmuşdur. Burada ATƏT-in rəsmisinə hüquq mühafizə orqanları əməkdaşlarının ictimaiyyətlə əlaqələri barədə ətraflı məlumat verilmişdir.