İQTİSADİYYAT
ATƏT SAHİBKAR QADINLAR ÜÇÜN SEMİNARLAR KEÇİRMİŞDİR
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Bakı ofisinin maliyyə dəstəyi ilə Müstəqil Hüquq Mərkəzi “Sahibkar qadınların təlimi” layihəsini həyata keçirir.
Mərkəzdən bildirmişlər ki, sahibkarlıqla məşğul olmaq istəyən qadınların iştirakı ilə artıq Qəbələ, İsmayıllı, Şəki və Quba rayonlarında ikigünlük seminarlar keçirilmişdir.
Seminarlarda sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyin əsasları, kommersiya qurumlarının yaradılması qaydası, maliyyə sənədlərinin aparılması, sahibkar qadınların hüquqları və s. məsələlər barədə məlumat verilmişdir. Regionlarda qadınların sahibkarlıqla məşğul olmasına əngəl törədən problemlərin aradan qaldırılması yolları araşdırılmışdır.
ATƏT-in İqtisadiyyat və Ətraf Mühit Proqramı üzrə həyata keçirilən belə seminar-treninqlərin Balakən, Mingəçevir, Şəmkir, Masallı, Sabirabad və Əli Bayramlı rayonlarında da keçirilməsi planlaşdırılır.