ATİ-də tədris ili üzrə istehsalat təcrübəsinin yekunlarına həsr olunmuş yığıncaq keçrilmişdir
Bakı, 20 noyabr (AzərTA). Azərbaycan Turizim İnstitutunda (ATİ) 2010-2011-ci tədris ili üzrə istehsalat təcrübəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda institutda təhsilin inkişafı, tələbələrin təcrübi biliklərinin artırılması istiqamətində görülən işlər barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, ATİ-də indi bakalavr pilləsində 11, magistraturada 6, doktoranturada isə 8 ixtisas üzrə kadr hazırlanır. Təhsil uğurlarının təcrübəyə tətbiqi sahəsində də mühüm tədbirlər görülür. Belə ki, Azərbaycanda ilk dəfə məhz ATİ-də 3-cü kurs tələbələri üçün xaricdə təcrübə metodikasından geniş istifadə olunur. 3-cü kurs tələbələrinə xaricdə 20 həftə, aşağı kurs tələbələrinə isə 2-3 ay ərzində təcrübə keçmək imkanı verilir.
Qeyd edilmişdir ki, bugünlərdə İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları da ATİ-də olmuşlar. Keçirilən görüşlərdə bir sıra məsələlər, o cümlədən tələbələrin həmin ölkənin tarixi, mədəni abidələrinə, məişətinə, o cümlədən turizm sənayesinə maraq göstərdikləri müzakirə olmuşdur. Görüşdə 2011-2012-ci tədris ilində də istehsalat təcrübəsi sahəsində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilmişdir.