“Atlantic Council”: Qara dəniz Rumıniya üçün əsas risk istiqamətinə çevrilir
Buxarest, 8 sentyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, Rumıniyanın “Digi24” telekanalı ABŞ-nin “Atlantic Council” analitik mərkəzinin ekspertlərinin Rusiyanın Ukrayna müharibəsindən kənarda mümkün eskalasiya istiqamətlərinə dair təhlilini təqdim edib.
Təhlildə Baltik ölkələri, Polşa, Moldova və Rumıniya daha həssas istiqamətlər sırasında göstərilir. Ekspertlər bunun konkret hücum proqnozu deyil, NATO-nun çəkindirmə və kollektiv müdafiə imkanlarını sınağa çəkə biləcək mümkün ssenarilərin qiymətləndirilməsi olduğunu bildirirlər.
“Atlantic Council”ın Rumıniya ofisinin direktoru Aleks Şerbanın qiymətləndirməsinə görə, ölkə üçün Rusiya ilə bağlı təhlükələr artıq yalnız nəzəri xarakter daşımır. O, Rusiya dronlarının Rumıniya hava məkanına daxil olması və ya ölkə ərazisinə düşməsi hallarını, Qara dənizdə mina təhlükəsini, mülki gəmiçiliyə və enerji infrastrukturuna yaranan riskləri qeyd edir.
Ekspert hesab edir ki, mümkün yeni eskalasiya klassik quru işğalı formasında başlamaya bilər. Ssenarilər sırasında hava məkanının pozulması hallarının artması, dəniz dronları və minaların Konstansa ətrafında gəmiçiliyə qarşı istifadəsi, kontinental şelfdə kritik infrastruktura sabotaj, kiberhücumlar və NATO-ya ictimai etimadı zəiflətməyə yönəlmiş informasiya əməliyyatları göstərilir.
Təhlildə Moldova ayrıca həssas istiqamət kimi qiymətləndirilir. Ekspertlər Rusiyanın Dnestryanı bölgədə hərbi mövcudluğunu, seçkilərə müdaxilə, dezinformasiya, siyasi maliyyələşdirmə və enerji təzyiqi kimi alətlərdən istifadə etdiyini qeyd edirlər. Moldovanın NATO və Aİ üzvü olmaması, eləcə də hərbi imkanlarının məhdudluğu onun mümkün konvensional təzyiqlərə həssaslığını artıran amil kimi təqdim olunur.
Rumıniya ilə bağlı əsas narahatlıqlardan biri də mümkün böhran zamanı NATO-nun reaksiya sürətidir. Təhlildə bildirilir ki, məhdud miqyaslı böhran alyansın siyasi öhdəlikləri ilə qüvvələri operativ şəkildə səfərbər etmək imkanları arasındakı uyğunluğu sınağa çəkə bilər.
“Digi24” materialında, həmçinin Polşanın müdafiə xərclərini ÜDM-in 4,8 faizinə çatdırması, yeni tanklar, raket sistemləri, F-35 qırıcıları və hücum helikopterləri alması kimi tədbirlər Şərqi Avropada təhlükəsizlik mühitinin dəyişməsinin nümunəsi kimi göstərilir.