Avqustda bəzi günlərdə havanın temperaturu 42 dərəcəyədək yüksələcəkdir
Bakı, 1 avqust (AZƏRTAC). Avqustda havanın orta aylıq temperaturu iqlim normasından yüksək olacaqdır. Yağıntıların ölkə üzrə səviyyəsi qeyri-bərabər paylanacaqdır. Orta aylıq səviyyə normaya yaxın olacaq, bəzi yerlərdə isə normanı ötəcəkdir.
Birinci ongünlüyün ortalarında şimal-şərq küləyinin güclənməsi nəticəsində havanın temperaturunun başqa günlərlə müqayisədə azalacağı, normaya uyğun dəyişəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 27-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1 dərəcə yüksəkdir (gecə 19-24, gündüz 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 36-39 dərəcəyədək yüksələcək). Yağıntının səviyyəsi iqlim normasına yaxın (4-7 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 96-28 dərəcə isti olacaqdır ki, bu da iqlim normasından bir dərəcə yüksəkdir (gecə 18-23, gündüz 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 38-42 dərəcəyə yüksələcək). Yağıntının səviyyəsi iqlim normasına yaxın (6-10 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 18-20 dərəcə isti (gecə 11-16, gündüz 20-25 isti, ayrı-ayrı günlərdə isə 29-34 dərəcəyə yüksələcək), yağıntının miqdarı iqlim normasına yaxın (norma 32-55 mm), bəzi yerlərdə isə bir qədər çox olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 25-26 dərəcə isti olacaqdır ki, bu da iqlim normasından bir dərəcə yüksəkdir (gecə 18-23, gündüz 30-35 dərəcə isti, ayrı-ayrı günlərdə 37-39 dərəcəyə yüksələcək). Aylıq yağıntı miqdarı iqlim normasından (norma 19-24 mm) bir qədər yüksək olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 23-25 dərəcə isti olacaqdır ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir (gecə 16-21, gündüz 27-32 dərəcə isti, ayrı-ayrı günlərdə 34-37 dərəcəyədək yüksələcək). Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (17-116 mm), bəzi yerlərdə normadan yüksək olacaqdır.
Mərkəzi Aran rayonlarında orta aylıq temperaturun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir dərəcə yüksəkdir (gecə 19-24, gündüz 32-37 dərəcə isti, ayrı-ayrı günlərdə 40-42 dərəcəyədək yüksələcək). Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-22 mm) olacaqdır.
Masallı-Lənkəran-Astara Lerik-Yardımlı zonasında orta aylıq temperatur 25-27 dərəcə isti (gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 36-38 dərəcəyədək yüksələcəkdir), aylıq yağıntının miqdarı iqlim normasına yaxın (13-83 mm) olacaqdır.