AVQUSTUN AYRI-AYRI GÜNLƏRİNDƏ HAVANIN TEMPERATURU NORMADAN ARTIQ OLACAQDIR
Avqustun birinci ongünlüyündə sabit hava şəraiti olacaq, bəzən şimal küləyi əsəcək, bəzi günlərdə, xüsusilə dağ rayonlarında axşam və gecə saatlarında yağış yağacaq, şimşək çaxacaqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +25-27 dərəcə (gecə 21-25, gündüz 30-33 dərəcə, ayrı-ayrı günlərdə 35-38), yağıntının səviyyəsi normadan aşağı (6-8 mm) olacaqdır.
Tez-tez şimal-qərb küləyi əsəcəkdir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu +25-28 dərəcəyə çatacaq (gecə 17-22 dərəcə isti, gündüz 33-36 dərəcə isti, bəzi günlərdə 40 dərəcəyə qalxacaq), yağıntının səviyyəsi normadan aşağı (6-10 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu +18-20 dərəcə (gecə 13-17, gündüz 21-26 dərəcəyə, bəzi günlərdə 28-32 dərəcəyə çatacaq) təşkil edəcək, yağıntının səviyyəsi normaya yaxın (37-55 mm) olacaqdır.
Bəzi günlərdə yağış yağacaq, şimşək çaxacaq, hətta dolu düşəcəkdir.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +24-25 dərəcə (gecə +18-23, gündüz +29-34, bəzi günlərdə 36-38 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (19-24 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 23-25 dərəcə isti (gecə 17-22 dərəcəyə, gündüz 27-32 dərəcəyə, bəzi günlərdə 36 dərəcəyə çatacaq), yağıntının səviyyəsinin normaya yaxın (17-34 mm) olacağı gözlənilir.
Ayrı-ayrı günlərdə şimşək çaxacaq, bəzən leysan xarakterli qısamüddətli yağışlar yağacaq, dolu düşəcəkdir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +25-27 dərəcə (gecə +19-24 dərəcə, gündüz +30-35 dərəcə, bəzi günlərdə 40 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (6-22 mm) olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +24-26 dərəcə (gecə +18-23, gündüz +28-32 dərəcəyə, ayın ortalarında 35-37 dərəcəyə çatacaq), yağıntının səviyyəsi normaya yaxın (13-83 mm) olacaqdır.