AVRASİYA DÖVLƏTLƏRİ ON BİRİNCİ İQTİSADİ SAMMİTİNİN İŞTİRAKÇILARINA
Hörmətli Sammit iştirakçıları!
Sizi - Avrasiya Dövlətləri On birinci İqtisadi Zirvə Toplantısının iştirakçılarını səmimi qəlbdən salamlayır və toplantının işinə uğurlar diləyirəm.
Türkiyə dövlətinin himayəsi ilə hər il keçirilən Avrasiya İqtisadi Zirvələri xalqlarımız və dövlətlərimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Toplantıda Avropa, Asiya və Afrikanın onlarca dövlətindən yüksək səviyyəli nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı regionumuzda dostluq və əməkdaşlıq münasibətlərinin yaranmasına öz müsbət təsirini göstərir.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin daimi təşkilatçılığı ilə keçirilən İqtisadi Zirvələrə Azərbaycan rəhbərliyi həmişə böyük əhəmiyyət vermişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Avrasiya İqtisadi Zirvə Toplantılarını iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı, türkdilli dövlətlərin əlaqələrinin möhkəmləndirilməsi, regional əməkdaşlığın gücləndirilməsi baxımından daim yüksək qiymətləndirirdi. Əmin ola bilərsiniz ki, Azərbaycanın bugünkü rəhbərliyi də bu xətti dönmədən davam etdirərək, ikitərəfli və regional əməkdaşlığın inkişafı, sülhün və təhlükəsizliyin təmin olunması üçün bütün mövcud imkanlardan istifadə edəcəkdir.
Yaşadığımız müasir dünyanın reallıqları bütün dövlətlərin və xalqların sıx iqtisadi, enerji, humanitar və mədəni əməkdaşlığının qurulmasını, aqressiv separatizmə, terrora, bəşəriyyəti təhdid edən təhlükələrə qarşı birgə mübarizə aparılmasını zəruri etmişdir. Zirvə Toplantısında müzakirəyə çıxarılan enerji, sənaye, ticarət, turizm, sülh dialoqu kimi mövzular da dünyada gedən qloballaşma və inteqrasiya prosesləri baxımından xüsusi maraq doğurur.
Bu gün Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri mövcuddur, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və səmimi iştirakçılarıdır. Biz iki ölkənin iqtisadi-enerji imkanlarından və geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi naminə səmərəli istifadə edirik.
Azərbaycan Respublikası hazırda region və dünya dövlətləri ilə geniş iqtisadi və mədəni əlaqələr qurur, bir çox beynəlxalq iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrinin əsas təşkilatçılarından biridir. Dövrümüzün nəhəng mühəndis qurğularından olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Azərbaycan qazını Avropa bazarına nəql edən Bakı-Tbilisi-Ərzurum qaz xətti, bu yaxınlarda inşasına start veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu regional və beynəlxalq əməkdaşlığa parlaq nümunələrdir. Bu layihələrin tam gücü ilə işləməsi bütün regionun simasını dəyişəcək, burada yaşayan xalqların rifahına və tərəqqisinə xidmət edəcəkdir.
Bir daha Zirvə Toplantısının işinə uğurlar diləyir, onun regional və beynəlxalq əməkdaşlıq üçün faydalı olacağına inanıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 aprel 2008-ci il.