AVRASİYA DÖVLƏTLƏRİNİN IX İQTİSADİ ZİRVƏ TOPLANTISI BAŞA ÇATMIŞDIR
Türkiyənin daxili işlər naziri Əbdülqədir Aksu, Rumıniya və Bolqarıstanın keçmiş prezidentləri İon İliyesku və Jelyu Jelyev ölkələrində terrorla mübarizə sahəsində görülən tədbirlərdən bəhs etmişlər. Azərbaycan daxili işlər nazirinin müavini Vilayət Eyvazovun çıxışında ölkəmizin beynəlxalq antiterror koalisiyasında fəal iştirakından və hüquq mühafizə orqanlarının terrorizmə qarşı mübarizəsindən geniş bəhs olunmuşdur.
Səmərəli keçən və Türkiyə mətbuatında Azərbaycanın “damğasını vurduğu” bir beynəlxalq sammit kimi dəyərləndirilən IX iqtisadi zirvə toplantısının yekun iclasında çıxış edən Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, tədbirin təşkilatçısı olan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver və başqaları zirvə toplantısının Avrasiya məkanında konstruktiv dialoqun, iqtisadi əməkdaşlığın inkişafına, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə olduğunu bildirmişlər. Mayın 10-da zirvə toplantısı başa çatmışdır.
Toplantının keçirildiyi İstanbul Ticarət Palatasının foyesində Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilmiş və Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətinin ağır nəticələrini əks etdirən fotostend iştirakçıların diqqət mərkəzində olmuşdur.