Avropa Cüdo Birliyinin baş idman komissarı: Azərbaycan çempionlar diyarıdır
Bakı, 27 iyul, AZƏRTAC
Tədbirin təşkilatçılığı çox yüksək səviyyədə idi. İnsanlar təkcə nümayəndə heyətlərinə deyil, bura işləməyə gələn hər kəsə böyük səmimiyyət və qonaqpərvərlik göstərdilər. Bakı böyük, tarixi və təmiz şəhərdir. Belə tədbirlər üçün Azərbaycana gəlməkdən həmişə böyük zövq alıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Cüdo Birliyinin (EJU) baş idman komissarı Sergey Oleynik Bakıda keçirilən Avropa Cüdo Ümidləri Turniri ilə bağlı danışarkən deyib.
O bildirib ki, belə bir turnirin yüksək səviyyədə təşkili gələcəyin çempionlarının yetişdirilməsi baxımından bütün EJU və cüdo ailəsinə mühüm töhfədir: “Hər kəs bilir ki, Azərbaycan çempionlar diyarıdır, cüdoda böyük uğurları və görkəmli idmançıları var. Bununla yanaşı, burada yeniyetmə və gənc yaş qrupları ilə də ciddi iş aparılır. Azərbaycan artıq ikinci ildir bu tədbirə ev sahibliyi edir. Bakıda yüksək peşəkarlardan ibarət çox güclü bir struktur görürük. Onlar hər zaman yenilikləri öyrənməyə və EJU ilə əməkdaşlıq çərçivəsində tədbirlərin keyfiyyətini daha da artırmağa açıqdırlar”.
S.Oleynikin sözlərinə görə, layihənin imkanları ildən-ilə genişlənir: “Bu layihə EJU-nun prezidenti Laslo Totun təşəbbüsüdür və əsas diqqət gənc cüdoçuların maarifləndirilməsinə, inkişafına yönəldilib. Əgər əvvəl yalnız U-15 yaş qrupu ilə başlamışdıqsa, bu ildən etibarən U-16 və U-18 kateqoriyaları da əhatə olunur. İnkişaf edən bu layihə çərçivəsində gələcəkdə həmin yaş qrupları üçün daha irimiqyaslı yarışların keçiriləcəyini gözləyirik”.
Qeyd edək ki, iki gün davam edən yarışda U-14 və U-16 yaş kateqoriyalarında ümumilikdə 10 ölkədən 289 cüdoçu iştirak edib.