AVROPA ƏDALƏTLİ OYUNLAR KOMİTƏSİNİN KONQRESİ VƏ BAŞ ASSAMBLEYASI BAKIDA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında (MOK) “Ədalətli oyun” (Fair play) prinsiplərinin təbliğinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki, 2009-cu ilin oktyabrında Bakıda Avropa Ədalətli Oyunlar Komitəsinin Konqresi və Baş Assambleyası keçiriləcəkdir. Toplantının ölkəmizdə təşkil edilməsi barədə qərar Avropa Ədalətli Oyunlar Komitəsi İcraiyyə Komitəsinin bu yaxınlarda Kiprdə keçirilmiş Baş Assambleyasında qəbul edilmişdir. Ədalətli oyunlar beynəlxalq olimpiya hərəkatının ayrılmaz tərkib hissələrindən biridir. Belə tədbirin Bakıda keçirilməsi həm Milli Olimpiya Komitəsinə, həm də Azərbaycan Ədalətli Olimpiya Komitəsinə (AƏOK) göstərilən yüksək etimadın nəticəsidir.
MOK-un vitse-prezidenti, AƏOK-un sədri Xəzər İsayev demişdir ki, 1994-cü il mayın 28-də Sürixdə Avropa Ədalətli Oyunlar Hərəkatı təsis edilmişdir. Hərəkatın əsas məqsədi idmanda və cəmiyyətdə ədalət və etik prinsiplərin qorunması, rəqiblərə hörmət və mübarizədə dözümlülük göstərilməsi, mənəvi kamilləşməyi təbliğ etməkdir.
Natiq diqqətə çatdırmışdı ki, 1998-ci ildə MOK-un nəzdində yaradılmış Ədalətli Oyunlar Komissiyası ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində ədalət prinsiplərini dəstəkləyən, respublikada idman ictimaiyyətinin maraqlarını müdafiə edən bir hərəkat olaraq fəaliyyət göstərir. AƏOK-un məqsədi idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları cəzalandırmaqdan ibarətdir.