Avropa İttifaqı pandemiya dövründə Azərbaycanda qadın sahibkarlığının dəstəklənməsinə 60 min avro vəsait ayırıb
Bakı, 8 iyun, AZƏRTAC
Avropa İttifaqı COVID-19 pandemiyası dövründə Azərbaycanda qadın sahibkarlığının dəstəklənməsinə 60 min avro vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə İsmayıllı rayonunda “COVID-19 pandemiyası dövründə qadın sahibkarlığının dəstəklənməsi” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq zamanı məlumat verilib.
Bildirilib ki, layihə həssas əhali qrupuna aid qadınların (əsasən, aztəminatlı yalnız valideynlər və sağlamlıq imkanları məhdud qadınların) COVID-19 pandemiyasının səbəb olduğu mövcud böhrandan daha yaxşı çıxmaq və gündəlik yaşayış üçün gəlir əldə etmək məqsədilə resurslara çıxışlarını təmin edərək etibarlı qida təminatını hədəfləyir.
İsmayıllı rayonunda 6 ay davam edən layihə çərçivəsində azı 40 qadının və onların ailələrinin gəlir gətirən fəaliyyətlərə başlamaq üçün sərmayə kapitalı şəklində maliyyə dəstəyi alacaqları bildirilib.