AVROPA KOSMİK AGENTLİYİNƏ İKİ AY YATAQDA UZANMAĞA HAZIR OLAN QADINLAR LAZIMDIR
Tədqiqat “Kosmik şəraitin çoxmillətli qadınlar qrupu üçün modelləşdirilməsi” adlanacaqdır. Doktor Zostun sözlərinə görə, tədqiqat dövründə qadınlar iki ay ərzində yataqda uzanacaqlar.
Eksperimentdə iştirak etmək istəyən qadınlar bilməlidirlər ki, seçim şərtləri çox sərtdir. Namizədlərin yalnız 3 faizi tədqiqatlarda iştirak etmək üçün zəruri olan tibbi və psixoloji sınaqlardan keçə bilirlər.
Hazırda qadınlar kosmik uçuş iştirakçılarının ümumi sayının təxminən 10 faizini təşkil edirlər, lakin onların sayı artır. ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) astronavtlarının təqribən 20 faizi qadınlardır. Kosmik çəkisizlik şəraiti orqanizmdə ciddi psixoloji dəyişikliklərə, habelə əzələ və sümük kütləsinin azalmasına səbəb ola bilər. Lakin hazırda çəkisizliyin kişi və qadın orqanizminə təsirindəki fərq axıradək öyrənilməmişdir. AKA çəkisizlik şəraitində müxtəlif qidalanma rejimlərinin və yataqda fiziki təmrinlərin qadın orqanizminə təsirini öyrənir.
Tədqiqatda iştirak üçün fransız qadınlarından müraciətlərin çoxluğu onunla bağlıdır ki, araşdırmalar Fransanın, Tuluza Ranheyl klinikasında aparılacaqdır. Doktor Zost demişdir: “Biz digər ölkələrdən daha çox qadın cəlb etmək üçün reklamımızı oralarda da yerləşdirməli olacağıq”.