Avropa standartlarına cavab verən yeni Gömrük Məcəlləsi Milli Məclisdə ikinci oxunuşda qəbul olunmuşdur
Bakı, 7 may (AZƏRTAC). Milli Məclisin mayın 6-da keçirilmiş iclasında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
Parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, gömrük sistemi hər bir ölkədə büdcənin formalaşmasında mühüm rol oynayan mənbələrdən biridir. Bu sistemin fəaliyyətinin qanunla tənzimlənməsi üçün normativ-hüquqi aktlar təkmilləşdirilir. Yeni Gömrük Məcəlləsinin layihəsi də ən müasir tələb və standartlara cavab verir. Bu sənədin qəbulu respublikamızın Dünya Ticarət Təşkilatına üzv olması istiqamətində də mühüm addım olacaqdır. Bu məcəllə həm də ölkəmizin iqtisadi təhlükəsizliyinə xidmət edəcəkdir.
Qeyd olunmuşdur ki, layihə birinci oxunuşdan sonra deputatlar və mütəxəssislərin təklifləri əsasında yenidən işlənmiş, 10 maddə məcəllədən çıxarılmış, 25-ə qədər maddədə isə beynəlxalq konvensiyalara uyğun dəyişikliklər edilmişdir. Hazırda Məcəllə 63 fəsil və 349 maddədən ibarətdir. Bildirilmişdir ki, Gömrük Məcəlləsi Avropa İttifaqının standartlarına cavab verən bir sənəddir. Layihədə gömrük sistemi ilə bağlı bütün məqamlar kifayət qədər beynəlxalq tələblərə cavab verir və hazırda qüvvədə olan məcəllə ilə müqayisədə xeyli genişlənmişdir.
Müzakirələr zamanı deputatlar yeni Gömrük Məcəlləsi layihəsinin xarici təcrübənin nəzərə alınmaqla hazırlandığını, onun qəbulunun Azərbaycanın iqtisadi inkişafına yeni töhfə verəcəyini vurğulamışlar.
Layihə ikinci oxunuşda qəbul olunmuşdur.