SİYASƏT
AVROPADAKI AZƏRBAYCANLI QADIN TƏŞKİLATLARI BİRLİYİNİN TƏŞƏBBÜS QRUPU YARADILMIŞDIR
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirmişlər ki, Avropadakı Azərbaycanlı Qadın Təşkilatları Birliyinin təşəbbüs qrupu yaradılmışdır.
Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan–Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının Almaniyanın Frankfurt şəhərində keçirilmiş birgə toplantısının qadın iştirakçıları Avropada “Azərbaycan qadını” fenomeninin təbliğinin vacib olduğunu və bu məkanda yaşayan azərbaycanlı qadınların üzərinə getdikcə daha böyük məsuliyyətin düşdüyünü vurğulamışlar. Təşəbbüsü ilk olaraq irəli sürən Niderlanddakı Azərbaycanlı Qadınlar Birliynin sədri, Azərbaycan və Niderland Yazıçılar İttifaqlarının üzvü Gülşən Kazımova məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, belə bir qurumun yaradılması ideyası Avropada yaşayan azərbaycanlı xanımları daha da fəallaşdırmaq məqsədi ilə irəli sürülmüşdür.
G.Kazımovanın sözlərinə görə, yeni yaradılan birlik azərbaycanlı qadınların, eləcə də qadın təşkilatlarının arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcək, onlar bir-biri ilə daha sıx ünsiyyətdə, əlaqədə olacaqlar. Azərbaycanlı xanımların daha yüksək səviyyədə təşkilatlanıb Avropadakı lobbizm fəaliyyətinə dəstək vermələrinə ehtiyac vardır. Xanım soydaşlarımız həm də Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, milli adət-ənənələrini təbliğ etmək üçün bir araya gəlməyi zəruri hesab edirlər.
Təşəbbüs qrupuna Niderland, Almaniya, Danimarka, İsveçdən olan Azərbaycan diasporunun qadın fəalları daxildir. Təşəbbüs qrupu digər ölkələrdəki qadın təşkilatlarını da bu quruma cəlb edəcək, birliyin konsepsiyasinı hazırlayacaq və 2010-cu ilin birinci yarısında təsis konfransı keçirəcəkdir.
######