SİYASƏT
Avstraliya parlamentinin üzvləri Respublika Günü münasibətilə Azərbaycan səfirliyinə təbriklərini çatdırıblar

Kanberra, 29 may, AZƏRTAC
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə Avstraliya İttifaqının Federal Parlamentinin bütün üzvlərinə ətraflı yazılı məlumat göndərilib. Avstraliyalı millət vəkillərinə müsəlman Şərqinin ilk demokratik respublikası barədə məlumat verilib, həmçinin onlara ikitərəfli əlaqələrdə son irəliləyişlərlə bağlı ətraflı informasiya çatdırılıb.
AZƏRTAC-a bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov məlumat verib. Diplomatımız qeyd edib ki, avstraliyalı parlamentarilərin bir qismi bunun cavabında səfirliklə əlaqə saxlayaraq Azərbaycan Demokratik Respublikasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıblar. Onlar, həmçinin 2020-ci ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Avstraliyada baş vermiş irimiqyaslı meşə yanğınlarının fəsadlarının aradan qaldırılmasına köməklik məqsədilə göstərilmiş humanitar yardıma görə də minnətdarlıqlarını ifadə ediblər.
Avstraliyalı millət vəkilləri Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təsis edilməsini müsbət qarşılayaraq, bu ölkələr arasında parlamentləarası dostluq əlaqələrinin davam etdirilməsinin bütün tərəflər üçün faydalı olacağına ümidvar olduqlarını bildiriblər.
Bununla yanaşı, Avstraliya İttifaqının Azərbaycandakı səfiri Mark İnnes-Braun sosial şəbəkə hesabı üzərindən Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərini bölüşərək, Azərbaycanı ölkəsinin dəyərli dostu və müttəfiqi adlandırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra