Avstraliyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 28 fevral (AZƏRTAC). Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi Avstraliyanın Sidney şəhərində silsilə tədbirlərlə anılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyəti və Türk Təşkilatları Federasiyasının (TTF) təşkilatçılığı ilə Avstraliyanın ən böyük məscidi olan Gelibolu Camisində 3 mindən artıq insanın iştirak etdiyi Cümə namazından əvvəl Xocalı faciəsi barədə ətraflı məlumat verilmiş, soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur.
Sonra Türk Dayanışma Dərnəyinin (TDD) binasında - “Türk Evi”ndə Azərbaycan, Türkiyə, uyğur, türkmən və digər türkdilli ölkələrin və xalqların təmsilçilərinin, yerli ictimaiyyətin nümayəndələrinin, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə anma tədbiri keçirilmişdir.
Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin və “Azərbaycanın səsi” radiosunun təşəbbüsü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanmış və bu ölkədə yaşayan azərbaycanlılara göndərilən videomateriallar nümayiş olunmuş, kitablar və broşürlər paylanmışdır.
Cəmiyyətinin prezidenti İmaməddin Qasımov iştirakçılara Xocalı soyqırımının dəhşətləri haqqında məlumat vermiş, Türkiyə-Azərbaycan birliyinin bu hadisənin dünya ictimaiyyətinə çatdırılmasında rolunu vurğulamışdır. Natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlılarının Xocalıda törətdikləri vəhşiliklərin əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olduğunu deyərək, bu cinayətin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı həyata keçirildiyini vurğulamışdır.
“2000 FM” radiosunda 19 ildir efirə çıxan “Azərbaycanın səsi” radio proqramının rəhbəri Gülzar Qasımova isə son üç həftə ərzində Xocalı faciəsi ilə bağlı xüsusi proqram yayımladıqlarını və dinləyicilərə ətraflı məlumat verdiklərini bildirmişdir. O, Xocalı soyqırımı zamanı 63-ü uşaq və 106-sı qadın olmaqla 613 nəfərin vəhşicəsinə öldürüldüyünü qeyd edərək, bu hadisənin XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu demişdir.
TDD-nin rəhbəri Bəşir Karasu və TTF-nin prezidenti Dursun Candəmir də çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu amansız soyqırımını pisləmişlər.
Tədbirin sonunda Azərbaycan və Türkiyə icmalarının Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Avstraliya ictimaiyyətinə çatdırılmasında əlaqəli fəaliyyət göstərmələri və gələcək planları barədə fikir mübadiləsi aparılmışdır.
Anma mərasimində Xocalı soyqırımından bəhs edən fotosərgi də nümayiş etdirilmişdir.