Avstriyanın “Manchmal News” qǝzetindǝ 31 mart – Azərbaycanlıların soyqırımı haqqında məqalə dərc edilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Avstriyanın “Manchmal News” qǝzetindǝ Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür” sərlövhəli məqaləsi dərc edilmiṣdir.
AZƏRTAC xəbər verir ki, müəllif S.İmanov məqaləsində 1918-ci il 31 mart qurbanlarının xatirəsini bu gün xalqımız tərəfindən Azərbaycanlıların Soyqırımı Günü kimi dərin hüznlə yad edildiyini oxucuların diqqətinə çatdırmışdır.
Yazıda qeyd edilir ki, 1918-ci ilin dəhşətli mart hadisələri Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış, onun məfkurəsində, qan yaddaşında dərin izlər buraxmışdır. S.İmanov yazıda xüsusi vurğulayır ki, minlərlə azərbaycanlının qətli, repressiyaya məruz qalması, öz dədə-baba torpaqlarından sıxışdırılaraq çıxarılması təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı yönəlmiş qanlı cinayət əməlləridir.
Bildirilmişdir ki, 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Salyanda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın digər ərazilərində bolşeviklər və erməni daşnakları tərəfindən xalqımıza qarşı soyqırımı həyata keçirilmiş, minlərlə dinc insan azərbaycanlı olduğu üçün vəhşicəsinə öldürülmüşdür.
“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin dinc Azərbaycan əhalisinə qarşı soyqırımı siyasətinin ərazilərimizin işğalının tərkib hissəsi olduğunu bildirən S.İmanov xatırlatmışdır ki, ermənilər tərəfindən 1905-1906-cı illərdə də xalqımıza qarşı kütləvi qırğınlar törədilmiş, yüzlərlə kəndlər talan edilmiş, külü göyə sovrulmuşdur.
Məqalə ilə bağlı daha ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz.
http://www.manchmal-news.at/index.php/politik/item/24-31-maerz-genozid-der-aserbaidschaner