Avstriyanın tanınmış “Die Presse” qəzetində Azərbaycanın xarici işlər nazirinin müsahibəsi dərc edilmişdir
Vyana, 8 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etmək üçün Avstriyada səfərdə olmuşdur. Səfər çərçivəsində E. Məmmədyarov bu ölkənin tanınmış “Die Presse” gündəlik qəzetinə müsahibə vermişdir.
Nazir Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyindən, Avropanın enerji resursları ilə təminatında ölkəmizin rolundan, digər qaz istehsalçısı olan dövlətlər ilə münasibətlərdən bəhs etmişdir.
E.Məmmədyarov bildirmişdir ki, 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə düşdükdən sonra daha çox ölkələrin, eləcə də Avropa bazarının Azərbaycanın enerji resursları hesabına təmin olunmasının mümkünlüyü müəyyən edilmişdir. Buna görə də Avropanı qazla təmin edəcək Trans-Adriatik (TAP) boru kəməri 2017-2018-ci illərdə tam gücü ilə işə düşəcəkdir. Qeyd edilmişdir ki, Azərbaycanın və Avropa İttifaqının “Cənub” qaz dəhlizinin inkişafı etdirilməsi ilə bağlı maraqları əvvəldən üst-üstə düşür. Digər qaz istehsalçıları kimi Azərbaycan da yeni satış bazarları axtarır və enerji ehtiyatları olmayan ölkələri qazla təmin etmək istəyir.
Avropanın Azərbaycana qarşı artan marağının ölkəyə diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə və problemin həllində yardım tələb etməyə imkan verə bilməsi sualına cavabında E. Məmmədyarov demişdir ki, əgər bir regionda həllini tapmamış münaqişələr varsa, orada gələcək üçün perspektivlər təhlükə altına düşür. Münaqişənin tez bir zamanda həlli vacibdir və bütün region üçün faydalıdır. Ona görə də beynəlxalq tədbirlərdə hər zaman bu problemi diqqət mərkəzində saxlayırıq. Bizim üçün sevindirici haldır ki, ABŞ, Rusiya və Fransa prezidentləri status-kvonun qəbuledilməz olduğunu vurğulamışlar. Ərazi bütövlüyü Azərbaycan üçün mütləqdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana