Avtomobil qəzası zamanı nə etməli?
Bakı, 24 avqust (AZƏRTAC). Yol nəqliyyat qəzalarının böyük əksəriyyəti sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır. Xüsusilə təhlükəli pozuntular - yüksək sürət, yol nişanlarına məhəl qoymamaq, qarşı hərəkət zolağına çıxma, avtomobili sərxoş vəziyyətdə idarə etmək və s. ağır nəticələrə səbəb olur.
Yolun sürüşkənliyi, avtomobilin nasazlığı da bir çox hallarda qəzalara yol açır. Avtomobil qəzalarının əsas xüsusiyyəti xəsarət alanların çoxunun qanitirmə nəticəsində dünyasını dəyişməsidir.
Bəs, toqquşma qaçılmazdırsa, bu vəziyyətdə nə etməli?
İlk növbədə soyuqqanlı qalmağa çalışmaq lazımdır. Bu, avtomobili son anadək idarə etməyə və düzgün qərar çıxarmağa imkan verər. Toqquşmaya az qalmış, avtomobiliniz dayananadək bütün əzələlərinizi gərildin. Bacardıqca, birbaşa toqquşmadan qaçın, avtomobili yol kənarına, yol ətrafı kollara, ağaca doğru yönəldin. Yaddan çıxarmayın ki, bamper boyu toqquşma sol və ya sağ cinah zərbəsindən daha yaxşıdır. Zərbə anında başınızı qoruyun. Avtomobiliniz aşağı sürətlə irəliləyirsə, əzələlərinizi gərildin, kürəyinizlə oturacağa sıxılaraq, əllərinizlə sükana söykənin. Sürət saatda 60 kilometri ötmüşsə və siz təhlükəsizlik kəmərlərini bağlamamısınızsa sinənizlə sükana sıxılın.
Toqquşmaya az qalmış sürücü yanında oturmusunuzsa, vaxt itirmədən, yanı üstə yıxılın və oturacağa uzanın. Arxa oturacaqlarda olan sərnişinlər isə avtomobilin döşəməsinə uzanmalı, yanlarında uşaqlar varsa onları özü ilə bərabər zərbədən qorumalıdırlar.
Qəzadan sonra əvvəlcə yerinizi və vəziyyətinizi müəyyənləşdirin, avtomobilin yanıb-yanmamasına diqqət yetirin. Avtomobil yanırsa onu dərhal tərk edin. Qapılar kilidlənmişsə, pəncərələri açıb və ya hər hansı ağır əşya ilə qırıb avtomobildən uzaqlaşın. Çünki benzin bakı zərbədən və alovdan partlaya bilər.
Avtomobil qəza nəticəsində suya düşmüşsə onu dərhal tərk edin! Suya düşdükdə avtomobil hələ bir müddət su üzərində qaldığından onu tərk etməyə vaxtınız çatar. Avtomobili tərk etməmişdən onun işıqlarını yandırın ki, maşını su altında axtarmaq asanlaşsın. Dərindən nəfəs alaraq ağ ciyərlərinizi hava ilə doldurun. Əyninizdəki ağır paltarları çıxarın ki, sizə mane olmasın. İmkan olduqda sənədlərinizi də götürərək avtomobili tərk edin. Avtomobil su ilə yarıyadək dolubsa onu qapılardan və ya pəncərələrdən tərk edin, əks halda suyun güclü axını bunu etməyə sizə mane ola bilər.