AXTARIŞDA OLANLAR TUTULUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən gün respublika ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 18 cinayətkar tutularaq istintaq orqanlarına təhvil verilmiş, qanunsuz silah-sursatın yığılması ilə bağlı 5, narkotiklərlə əlaqəli 7 fakt aşkarlanmışdır.
Gün ərzində 18 cinayət hadisəsi qeydə alınmışdır ki, onların da 16-nın üstü isti izlərlə açılmış, müxtəlif növ cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur. Səkkiz yol-nəqliyyat qəzasında 13 nəfər ölmüş, beş adam yaralanmış, baş vermiş 1 yanğın zamanı insan tələfatı olmamışdır.