Aybəniz Nəsibova: Ulu Öndərlə hər görüşüm yaddaşımda xoş xatirə kimi qalıb
Şəmkir, 10 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm. Hər görüşüm də yaddaşımda xoş xatirə kimi qalıb.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini danışarkən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aybəniz Nəsibova söyləyib.
O, Ulu Öndərlə ilk görüşündən danışaraq deyib: “İlk görüşüm 1979-cu ilin martında keçmiş Azərbaycan Ali Sovetinin binasında olub. Həmin vaxt Azərbaycan Ali Sovetinin Mərkəzi Seçki Komissiyasına üzv seçilmişdim. Komissiyanın iclası başlamazdan əvvəl dedilər ki, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev komissiya üzvləri ilə görüşə gəlir. Hər kəs həyəcan içində idi, amma mən çox sevinirdim. Sevinirdim ki, Heydər Əliyevi yaxından görə biləcəyəm. İclasda Heydər Əliyevə komissiya üzvləri haqqında məlumat verildi. Ən gənc komissiya üzvümüzün 18, ən yaşlısının 70 yaşı olduğu bildirildi. Ulu Öndər hər birimizlə görüşdü. Mənimlə görüşəndə yaşımı və işimi soruşdu. Cavab verəndə ki, 19 yaşım var, güldü və “belə gənclərin namizədliyini verin, Azərbaycan gəncliyinə nümunə olsun” dedi. Həmin il mən Azərbaycan Ali Sovetinə deputat seçildim,” - deyə o bildirib.
A.Nəsibova Ümummilli Liderlə ikinci dəfə Moskva şəhərində Qurultaylar sarayında görüşüb: “Tədbir başladı, biz zala daxil olduq. Bütün zal bizi alqışlarla qarşıladı. Biz bayraqla tribunaya yaxınlaşanda gülümsəyərək Ulu Öndərə salam verdim. Fasilə vaxtı bayraqla yuxarı qalxanda Ulu Öndər yaxınlaşıb mənimlə görüşdü və “azərbaycanlı qızın SSRİ bayrağının yanında addımladığını görəndə çox sevindim” dedi”.
Ulu Öndər Azərbaycana qayıdışından sonra prezidentliyə namizədliyi dövründə Şəmkir sakinləri ilə görüşə gəldiyi zaman da Aybəniz xanımla görüşüb. Həmin vaxt Aybəniz xanım Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyib. Heydər Əliyevin iti zəkası və hafizəsi onu bir daha təəccübləndirib. “Ulu Öndəri qarşılamaq üçün birinci mən çıxış etməli idim. Çıxışımda Ulu Öndərlə görüşlərimdən də bir neçə kəlmə danışdım, o isə gülümsəyərək mənə baxırdı. Çıxışımdan sonra məni bağrına basaraq “Qızım, bir daha yenə görüşdük” dedi”.
Müsahibimiz bildirir ki, onun Ulu Öndər haqqında olan təəssüratları və xatirələri günlərlə danışsa belə tükənməz. Çünki Heydər Əliyev gənclərin, xüsusilə də kənd yerlərində yaşayan gənclərin təhsil almasına önəm verirdi. Aybəniz Nəsibova da həmin gənclərdən olub. Onun bir sözü kasıb ailədə doğulmuş bir qızın həyatında böyük rol oynamışdır.
A.Nəsibova, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin irsinin və fəaliyyətinin daha geniş təbliğ olunması üçün geniş imkanlar yaradacaq.