Aydın İbadov: Dahi Liderin Vətən sevgisi hər birimizə örnəkdir
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirib. Əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib, xatirəsinə ehtiram bildirilib, məzarı önünə gül dəstələri qoyulub.
Tədbir dahi lider və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin himnləri səsləndikdən sonra çıxış edən Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov bütün dünya azərbaycanlıları və türkdilli xalqların müstəqil Azərbaycanın yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qeyd etdiyini vurğulayıb. O, hazırda Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkəmiz və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Bildirib ki, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub. Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır.
Tədbirdə Türkiyə Respublikasının “Açıq Məkanda Reklam Sənayeçiləri İctimai Birliyi”nin sədri Şahin Acar, ADRA Aparatının rəhbəri Nahid Qasımov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov çıxış ediblər.
ADRA Aparatının rəhbəri Nahid Qasımov çıxışı zamanı bildirib ki, agentlik “Heydər Əliyev İli” çərçivəsində ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsini, rəqəmli bilbordlarda və monitorlarda Ümummilli Liderin həyatının ayrı-ayrı hissələrindən olan görüntü və fotoların yayımını həyata keçirib. Agentliyin Ərazi Reklam İdarələrində müxtəlif seminar, konfrans, abadlıq işləri və agacəkmə aksiyaları reallaşıb. Fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlara uyğun olaraq davam etdirən ADRA 2023-cü ildə rüsum və yayım haqlarının yığımında yüksək nəticə əldə edib. Yaxın gələcəkdə açıq məkanda mövcud reklam qurğularının “Reklam Məlumat Mərkəzi”i, “Reklama İntellektual Nəzarət Sistemi” yaradılacaq, agentliyin fəaliyyətində ilk dəfə süni zəka tətbiq olunacaq.
Konfransda Ulu Öndərin həyat və fəaliyyətinə, eləcə də Türkiyə Respublikasının yaranmasının 100 illiyinə həsr olunan filmlər nümayiş etdirilib.
Sonra “Heydər Əliyev İli” ilə əlaqədar açıq məkanda reklam sahəsində səmərəli fəaliyyətinə görə bəzi reklam operatorlarına təşəkkürnamələr təqdim olunub.
Tədbir Türkiyə Respublikasının “Açıq Məkanda Reklam Sənayeçiləri” İctimai Birliyi (ARED) üzvlərinin reklam sahəsinə dair çıxışları ilə davam etdirilib.