Azər Fərəcov: Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlər minimal qiymətlərlə satışa təqdim edilib
Bakı, 7 iyul, AZƏRTAC
Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərin qiymətlərində endirimlə bağlı müzakirələr aparılmır, biletlər minimal qiymətlərlə satışa təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, köhnə tipli qatarların yenilərə qoşulması ilə bağlı hər hansı bir risk və təhlükə yoxdur, texniki istismar qaydalarına uyğundur.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu ilə gedişhaqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN, Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30 AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir. Hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 AZN, Gəncədən isə 58.20 AZN-dir. Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı-Tbilisi-Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.
“Stadler” tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı-Tbilisi-Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.
Fotoqraf - Orxan Kərimov