Azər Məmmədrəhimov: Naxçıvandakı startap festivalı həm də WUF13-ə regional töhfədir
Naxçıvan, 22 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən festival uğurla davam edir. Festival çərçivəsində universitetin, Təhsil Nazirliyinin, məktəblərin, STEAM mərkəzinin və fərdi startapçıların hazırladığı müxtəlif layihələr nümayiş olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Ağıllı şəhər və ağıllı kənd” startap festivalında mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, təqdim edilən layihələrin əsas istiqamətini “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun innovativ həllər təşkil edir. Layihələr arasında ağıllı avtobus dayanacaqları, marşrutların izlənməsi sistemləri, kənd təsərrüfatında torpaq analizləri, susuzluğun müəyyənləşdirilməsi, müasir suvarma sistemləri, müşahidə və monitorinq həlləri yer alır. Festivalda, həmçinin yol infrastrukturuna dair layihələr, xüsusilə yol kəsişmələrinə nəzarət sistemləri iştirakçıların diqqətini cəlb edib.
Azər Məmmədrəhimov vurğulayıb ki, festivalın bu tarixdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunub. Eyni zamanda, mayın 17–22-də Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçirilir. Nazir müavini əlavə edib ki, “Ağıllı şəhər və ağıllı kənd” Startap Festivalının bu günlərdə keçirilməsi, həm də WUF13 çərçivəsində təşkil olunan tədbirlərə Naxçıvanın regional töhfəsidir.
Müxbir- Nail Əsgərov