MƏDƏNİYYƏT
Azərbaycan "National Geographic Traveler Awards 2015" müsabiqəsində iştirak edir
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan "National Geographic" jurnalı tərəfindən təşkil olunan "National Geographic Traveler Awards 2015" müsabiqəsində iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutlarının müəyyən olunması məqsədilə keçirilən müsabiqə-onlayn sorğu oktyabrın 15-də başa çatacaq. Müsabiqə "Çimərlik səyahəti", "Ailəvi səyahət", "Dağ-xizək səyahəti", "Ekskursiya səyahəti", "Kənd turizmi səyahəti", "Sağlamlıq səyahəti", "Eko-səyahət", "Macəra səyahəti", "İlin açılış səyahəti", "Mətbəx turizmi səyahəti" və "Ekzotik turizm səyahəti" nominasiyaları üzrə keçirilir.
Azərbaycan müsabiqə çərçivəsində 3 nominasiya - "Çimərlik səyahəti", "Ekskursiya səyahəti" və "Mətbəx turizmi" üzrə iştirak edir.
Səsvermə zamanı, həmçinin ilin ən yaxşı xarici hava yolu şirkəti, otellər şəbəkəsi, çimərlik oteli, internet-servis və səyahət proqramı müəyyən olunacaq.
Hər il keçirilən "National Geographic Traveler Awards" müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, eyni zamanda yeni səyahət marşrutlarının yaranmasına şərait yaradır.
Aşağıdakı link vasitəsilə səhifəyə daxil olub qeydiyyatdan keçərək səsvermədə iştirak etmək mümkündür:
http://www.nat-geo.ru/ngt-awards-2015/nomination/