Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 19 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının üzvləri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.
Şuradan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri və üzvləri ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini dərin ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev qanlı 20 Yanvar faciəsinə ilk etiraz səsini ucaldan və hadisəyə siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyevin tarixi fikrini xatırladıb: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir”.
Deputat əlavə edib ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır, çünki rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib. Hazırda üçrəngli Bayrağımızın dalğalandığı həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərimiz doğma yurd-yuvalarına, ata-baba ocaqlarına qayıdırlar.