Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 75 illik yubileyi qeyd edilib
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin yaradılmasının 75 illik yubileyi münasibətilə dekabrın 26-da təntənəli mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarına Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubunu çatdırıb.
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin fəaliyyət göstərdiyi 75 il ərzində şanlı bir yol keçdiyinin, hərbi donanma üçün minlərlə yüksək ixtisaslı kadrlar yetişdirdiyinin vurğulandığı məktubda bu təhsil ocağının məzunlarının Böyük Vətən müharibəsinin ilk günlərindən döyüş əməliyyatlarında iştirak edərək böyük fədakarlıqlar göstərdikləri diqqətə çatdırılıb. Qeyd olunub ki, məktəbin yetirmələrindən 20 nəfər “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Müharibə illərindəki fəaliyyətinə görə məktəbə “Qırmızı Bayraq” verilib.
Məktubda bildirilib ki, təhsil ocağı 1992-ci ildən Müdafiə Nazirliyinin tabeçiliyinə verilərək Bakı Ali Hərbi Dənizçilik Məktəbi kimi fəaliyyətini davam etdirib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün kadr hazırlığının sonrakı inkişafı nəzərə alınaraq Bakı Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilib və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi adlandırılıb.
Qeyd olunub ki, Ulu Öndərimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə məktəbə daim diqqət və qayğı göstərib, maddi-tədris bazasının möhkəmləndirilməsi üçün səylərini əsirgəməyib, dəfələrlə buraxılış mərasimlərində iştirak edərək göstəriş və tövsiyələrini verib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Digər xüsusi təyinatlı təhsil müəssisələri kimi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi də ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Sonra C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor M.Almazov çıxış edərək bu məktəbin məzunu olmağından qürur duyduğunu bildirib.
Mərasimdə Ali Hərbi Dənizçilik Məktəbinin tarixinə dair film nümayiş olunub.
Sonra məktəbin xidmətdə fərqlənən hərbi qulluqçularına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.
Tədbir iştirakçıları adından müdafiə nazirinə müraciət qəbul olunub.
İştirakçılar məktəbin tarixini əks etdirən muzeylə tanış olduqdan sonra Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının hazırladığı konsert proqramına baxıblar.