Azərbaycan alimi beynəlxalq ekoloji mükafata layiq görülüb
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor İbrahim Quliyev “Ecoworld” (“Ekomir”) Beynəlxalq ekoloji mükafatın ali təltifinə - “Yer üzündə həyatın qorunmasına görə” ordeninə layiq görülüb.
AZƏRTAC “Rossiya dlya vsex” saytına istinadla xəbər verir ki, laureatlara mükafatların təntənəli təqdimetmə mərasimi noyabrın 30-da Moskvada, Rusiya Dövlət Dumasının binasında keçirilib.
İbrahim Quliyev təşəkkür bildirərək deyib: “Bu mükafatın Dövlət Dumasında, Rusiya Federasiyasının tarixi binasında təqdim edilməsi ona xüsusi dəyər verir. Elm kimi ekologiya da sərhəd tanımır. Azərbaycan və Rusiya iki nadir ekoloji obyektə malikdirlər. Bunlardan biri Qafqaz, onu flora və faunası, digəri isə son dərəcə həssas ekologiya və biosenozu ilə seçilən, haqlı olaraq dəniz adlanan böyük Xəzər gölüdür. Əlbəttə, bu obyektləri biz birlikdə öyrənməliyik və bunu edirik”. Akademikin sözlərinə görə, iki ölkə bu barədə sadəcə danışmaqla kifayətlənmir, həm də qüvvələrini birləşdirib bu istiqamətdə işləyirlər.
AMEA-nın vitse-prezidenti deyib: “Dünən biz Rusiya Federasiyası ilə Azərbaycanın birgə hazırladıqları işlərin müsabiqəsinə yekun vurduq. Rusiya Fundamental Tədqiqatlar Fondunda məhz bu nadir obyektlərlə bağlı dörd layihə bəyənildi. İcazə verin, bu yüksək mükafata görə sizə bir daha minnətdarlığımı bildirim və hamınıza cansağlığı və xoşbəxtlik arzulayım”.
Azərbaycanın ətraf mühitinin mühafizəsi işinə verdiyi sanballı töhfələrinə görə mükafatı alimə Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin üzvü Yelena Panina və Rusiya Təbiət Elmləri Akademiyasının prezidenti Oleq Kuznetsov təqdim ediblər.
“Ecoworld” Beynəlxalq ekoloji mükafatı Rusiya Təbiət Elmləri Akademiyasının 2003-cü ildə təsis etdiyi və ətraf mühitin mühafizəsi sahəsində nailiyyətlərə görə təqdim edilən “Ekomir” milli mükafatının varisidir. 2017-ci ildə bu mükafat beynəlxalq status adını alıb. Akademik İbrahim Quliyev mükafatın Qəyyumlar Şurasının üzvüdür.
Bu il həmin mükafata Rusiyanın 39 regionundan və dünyanın 25 ölkəsindən, o cümlədən ABŞ, Almaniya, KXDR, Çin, Azərbaycan, Yunanıstan, Vyetnam, Monqolustan və digər dövlətlərdən 240 layihə iddia edirdi.