Azərbaycan–Almaniya münasibətləri: Avropa ilə əməkdaşlığın yeni mərhələsi ŞƏRH
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan üçün Avropa ilə münasibətlər hər zaman strateji əhəmiyyət daşıyıb. Lakin son illərdə Avropa institutlarının üzləşdiyi böhran fonunda Bakı öz yanaşmasını müəyyən dərəcədə yenidən formalaşdırıb. Bu gün söhbət Avropadan uzaqlaşmaqdan deyil, əməkdaşlığın daha səmərəli formatlara keçirilməsindən gedir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
O bildirib ki, son illər həm Avropa İttifaqının institutları, həm Avropa Şurası kimi qurumlar, həm də ATƏT kimi pan-Avropa təhlükəsizlik mexanizmləri ciddi funksional problemlərlə üzləşiblər. Bu institutların böhranı onların regionda baş verən proseslərə effektiv təsir imkanlarını xeyli zəiflədib. Məhz buna görə Azərbaycan artıq uzun müddətdir ki, Avropa ölkələri ilə münasibətlərini əsasən ikitərəfli formatda inkişaf etdirməyə üstünlük verir.
Bu yanaşma Azərbaycanın enerji, nəqliyyat və xarici ticarət strategiyasında da öz əksini tapır.
"Bu gün ölkəmiz Cənubi və Şərqi Avropanın əksər dövlətləri ilə uğurlu əməkdaşlıq qurub. İtaliya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir, Böyük Britaniya ilə uzunmüddətli strateji iqtisadi münasibətlər mövcuddur, Balkan ölkələri ilə əməkdaşlıq isə ildən-ilə genişlənir.
Bu kontekstdə Almaniya xüsusi yer tutur. Almaniya Avropanın ən böyük iqtisadiyyatına malik ölkə və qitənin aparıcı iqtisadi mərkəzlərindən biridir. Təbii ki, Azərbaycan üçün Almaniya ilə münasibətlərin inkişafı təkcə ikitərəfli baxımdan deyil, bütövlükdə Avropa istiqamətində həyata keçirilən siyasətin mühüm tərkib hissəsidir.
Eyni zamanda, Almaniyanın özü də xarici siyasətində yeni yanaşmalar formalaşdırmaq zərurəti ilə üz-üzədir. Uzun illər Almaniyanın xarici siyasəti əsasən Avropa İttifaqının ümumi xəttinə uyğun şəkildə qurulurdu. Cənubi Qafqazla bağlı məsələlərdə də Berlin çox vaxt müstəqil təşəbbüslərdən daha çox Brüsselin mövqeyinə istinad edirdi.
Lakin son illərin hadisələri göstərdi ki, bu yanaşma hər zaman effektiv nəticə vermir. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə Avropa İttifaqının xarici siyasəti Fransanın milli gündəminin təsiri altına düşdü. Belə vəziyyət isə bütövlükdə Avropanın maraqlarına cavab vermirdi və bir sıra ölkələrin, o cümlədən Almaniyanın uzunmüddətli maraqları ilə də tam uzlaşmırdı.
Məhz buna görə də Prezident İlham Əliyevin Almaniyaya səfəri kimi yüksəksəviyyəli təmaslar Berlin üçün də Cənubi Qafqaza və Şərq qonşuluğuna dair siyasətini daha obyektiv və praqmatik əsaslar üzərində formalaşdırmaq baxımından əhəmiyyətlidir.
Bu məsələ xüsusilə Avropa ilə Rusiya arasında münasibətlərin kəskin şəkildə dəyişdiyi indiki geosiyasi şəraitdə daha böyük aktuallıq qazanır. Avropanın şərq istiqamətində əvvəlki təhlükəsizlik və siyasi modeli artıq faktiki olaraq fəaliyyət göstərmir. Bu isə Avropa dövlətlərini regiona yeni baxış formalaşdırmağa sövq edir",- deyə N.Arpadarai vurğulayıb.
O əlavə edib ki, belə bir şəraitdə Azərbaycan etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və regionun aparıcı siyasi aktorlarından biri kimi Almaniya və digər Avropa ölkələri üçün daha da əhəmiyyətli ölkəyə çevrilir.
Prezident İlham Əliyevin Almaniyaya səfəri də məhz bu yeni reallığın təzahürü kimi qiymətləndirilə bilər. Azərbaycan Avropa ilə əməkdaşlığını davam etdirir, lakin bunu artıq daha praqmatik, qarşılıqlı maraqlara əsaslanan və ikitərəfli münasibətləri ön plana çıxaran model üzərində qurur. Məhz bu yanaşma son illərdə Azərbaycanın Avropa siyasətinin əsas xüsusiyyətlərindən birinə çevrilib.