İQTİSADİYYAT
Azərbaycan Astara-Bakı-Həştərxan marşrutu ilə konteyner qatarının buraxılması imkanlarını nəzərdən keçirir
Moskva, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Astara (İran) - Bakı (Azərbaycan) - Həştərxan (Rusiya) marşrutu ilə konteyner qatarının buraxılması imkanlarını nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinə Həştərxan vilayətinin Xarici Əlaqələr Nazirliyindən məlumat verilib.
“Azərbaycanla Həştərxan vilayəti arasında əsas yük axını dəmir yolu ilə həyata keçirilir və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Marşrutunun qərb qolundan istifadə olunur. O, Azərbaycandan Rusiyaya mallar, həmçinin İran, Türkiyə və Hindistandan tranzit yüklər daşıyır. Bu gün Azərbaycan tərəfi Kutum stansiyasında yerləşən Həştərxan dəmir yolu qovşağının infrastrukturundan istifadə etməklə Astara-Bakı-Həştərxan marşrutu üzrə konteyner qatarının buraxılması imkanlarını nəzərdən keçirir”, -deyə nazirlik qeyd edib.
Nazirlik bildirib ki, layihənin “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən həyata keçirilməsi planlaşdırılır və onun nümayəndələri Həştərxana səfər edərək əməkdaşlıq perspektivlərini müsbət qiymətləndiriblər.
“Eyni zamanda, “Şimal-Cənub” marşrutunun Trans-Xəzər bölməsi ilə yük daşımalarının artırılması istiqamətində fəal iş aparılır. “Biz gözləyirik ki, Xəzər klasteri obyektlərinin, xüsusilə liman infrastrukturu və konteyner qovşağının istifadəyə verilməsi ilə dənizdən yükdaşımalarında Azərbaycanla əlaqələrin aktuallığı artacaq”, -deyə nazirlik əlavə edib.
Məlumatda diqqətə çatdırılıb ki, 2023-cü ildə Həştərxan müəssisələri Azərbaycana kənd təsərrüfatı məhsulları, o cümlədən tərəvəz, balıq, iri və xırdabuynuzlu heyvanlar ixrac edib. İlk dəfə olaraq, Azərbaycan bazarına ümumi çəkisi 1,2 min ton olan Həştərxan kartofu göndərilib. 2024-cü ilin mayında Həştərxan vilayəti ilə Azərbaycan Respublikası hökuməti arasında əməkdaşlığın inkişafı üzrə 2024-2026-cı illər üçün Proqram imzalanıb. Bu sənəd Həştərxanın logistika qovşaqları vasitəsilə Azərbaycandan Rusiya Federasiyasına və əks istiqamətdə yükdaşımalarının inkişafı üzrə birgə işi, qarşılıqlı işgüzar missiyalarda, sərgilərdə, mədəniyyət, təhsil, gənclər və idman tədbirlərində tərəflərin iştirakını nəzərdə tutur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva