“AZƏRBAYCAN-AVROPA ŞURASI: DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Kitab xalqımızın ümummilli lideri, Azərbaycan-Avropa Şurası əlaqələrinin banisi Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunub. Əsərdə Azərbaycanın Avropa Şurası ilə əlaqələrinin yaranması, forma və məqsədləri, inkişaf dinamikası ayrı-ayrı mərhələlər üzrə araşdırılmış, Azərbaycan parlament nümayəndə heyətinin və ilk üç il ərzində nümayəndə heyətinə rəhbərlik etmiş Prezident İlham Əliyevin ölkəmizdə insan hüquqlarının qorunması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞPA-dakı uğurlu fəaliyyəti, Azərbaycanın bu təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi prosesi geniş təhlil olunmuşdur.
Monoqrafiyada Azərbaycanda gedən demokratik proseslərdə və insan hüquqlarının qorunması sahəsində Avropa Şurası ilə əməkdaşlığın xüsusiyyətləri politoloji aspektdə təhlil olunaraq başlıca inkişaf istiqamətləri müəyyənləşdirilir.
Kitab politologiya elminin, beynəlxalq hüquq və beynəlxalq münasibətlərin ayrı-ayrı sahələri ilə məşğul olan mütəxəssislər, tələbələr, magistr və aspirantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabın elmi redaktoru tarix elmləri doktoru Əli Həsənovdur. Monoqrafiyaya siyasi elmlər doktoru Rövşən Mustafayev və tarix elmləri namizədi Aqşin Mehdiyev rəy vermişlər.