Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaşıllaşdırma aksiyası keçirib
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin payız-qış mövsümündə həyata keçirdiyi tədbirlərdən biri də tabeliyindəki avtomobil yollarının mühafizə zolaqlarında yaşıllıq zolaqlarının salınmasıdır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Bu məqsədlə agentliyin tabeliyindəki Yol Yaşıllaşdırma MMC-lərinin kollektivləri tərəfindən davamlı şəkildə ağacəkmə aksiyası keçirilir.
Məlumata görə, bu dəfə aksiya Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında keçirilib. Bir gündə yol kənarlarına 5000 ədəd Eldar şamı, zeytun ağacı, 2000 ədəd isə oleandra və sezalpin kol bitkisi, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd Eldar şamı, 300 ədəd isə həmişəyaşıl kol bitkisi əkilib.
Ağacəkmə aksiyası respublika əhəmiyyətli avtomobil yollarının da mühafizə zolaqlarında keçirilib.
Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsinin, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil mühafizə zolaqlarına 45 min ədəd Eldar şamı, iydə, ağcaqayın, akasiya, sərv digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə veriləcək.