MƏDƏNİYYƏT
Azərbaycan bədii filmi Avstriyada beynəlxalq kino festivalında nümayiş olunub
![Azərbaycan bədii filmi Avstriyada beynəlxalq kino festivalında nümayiş olunub](/files/2023/3/1200x630/16972334994030032751_1200x630.jpg)
Vyana, 14 oktyabr, AZƏRTAC
“Ultra” Production”un istehsalı olan “Məhvolma” qısametrajlı bədii filmi Avstriyada beynəlxalq film festivalında nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, Lints Beynəlxalq Qısametrajlı Film Festivalında baş tutan nümayiş ekran əsərinin Avropada premyerası olub.
Filmdəki hadisələr rəssam, qəflətən rəssamın həyatına girən oğlan və hadisəni araşdıran polis arasında baş verir. Yarasından qan axan oğlan özünü rəssamın emalatxanasına atır. Rəssam qız ona kömək etməyə çalışır. Bu vaxt hadisə yerinə polis gəlir, rəssamı sorğu-suala tutmağa başlayır. Reallıq isə getdikcə təhrif olunur. Əsas rollarda Vüsalə Ağayeva, Asiman Ağa Rövşən, Rahib Məmmədzadə, Nurlan Həsənli çəkiliblər.
Filmin rejissoru və ssenari müəllifi İqor Smola, quruluşçu operatoru Natiq Hüsiyev, rəssamı Aysel Əmirova, prodüserləri Emil Nəcəfov, Elvin Adıgözəl, İqor Smola və Yekaterina Bordaçovadır.
Qeyd edək ki, dünya premyerasını Busan Beynəlxalq Film Festivalında (Koreya) edən “Məhvolma” filmi daha sonra Asiya Beynəlxalq Kino Həftəsində (Çin), Los-Anceles Cənub-Şərqi Avropa Filmləri Festivalında (ABŞ), “Land of Short Films” Beynəlxalq Film Festivalında (Qırğızıstan) iştirak edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana