AZƏRBAYCAN BERLİNDƏ KEÇİRİLƏN BEYNƏLXALQ TURİZM SƏRGİSİNDƏ YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL OLUNMUŞDUR
Təqribən 170 hektar sahəni əhatə edən Berlin Beynəlxalq Sərgilər Mərkəzinin pavilyonlarında hər ölkənin ayrıca sərgi guşəsi vardır. Ölkəmizin guşəsi 5-ci pavilyonda yerləşir. Gənclər, İdman və Turizm Nazirliyinin bilavasitə rəhbərliyi, “İmproteks travel”, “Vahid-S” turizm şirkətlərinin, “Qrand Avropa” mehmanxana kompleksinin əməli iştirakı ilə 50 kvadratmetr sahədə qurulmuş, girəcəyində iri hərflərlə “Azərbaycana xoş gəlmisiniz” sözləri yazılmış guşədə qədim tarixi mədəniyyət abidələrimizin, Şərq və Qərb memarlıq ənənələrini təcəssüm etdirən müasir mehmanxana komplekslərinin, çoxmərtəbəli müasir yaşayış binalarının maket və şəkilləri, Azərbaycan təbiətinin dilbər guşələrinin fotoşəkilləri, milli məişət və geyim əşyaları, xalçalar və digər sənətkarlıq nümunələri sərgiyə gələnlərin diqqətini dərhal çəkir. Onlar ölkəmizin turizm imkanlarını və Qədim İpək yolunun keçəcəyi marşrutları əks etdirən xatirələrə, nəfis şəkildə buraxılmış buklet və prospektlərə, məlumat kitablarına və digər reklam çap məhsullarına maraq göstərirlər.
Azərbaycan nümayəndə heyətinin başçısı, gənclər, idman və turizm naziri Əbülfəz Qarayev sərginin açılışı mərasimində yerli və xarici jurnalistlərə ölkəmizdə turizmin inkişaf perspektivləri barədə geniş məlumat vermişdir.
Sərginin digər iştirakçısı olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri respublikamızın ekspozisiyasını bəyənmiş, yurdumuzun geniş turizm imkanları barədə xoş sözlər söyləmiş və sərginin keçirildiyi müddətdə Azərbaycanla turist qruplarının qarşılıqlı mübadiləsinə dair əməkdaşlıq müqavilələri imzalayacaqlarını bildirmişlər.