Azərbaycan Bəstəkarlar İttifaqında faciə qurbanlarının xatirəsi anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bu gün Azərbaycan xalqının Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı kədərli anlarını yaşadığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bizim həyatımız təkcə bayram və xoş hadisələrdən ibarət deyildir. Xocalı soyqırımı hər birimizin unutmadığı dəhşətli faciələrdən biridir. Xocalı bizim tariximizin unudulmayan qanlı səhifəsidir.
Qeyd edilmişdir ki, Azərbaycan bəstəkarları da xalqımızın şad və kədərli günlərinə hər zaman sadiq qalaraq öz əsərlərində bu anları yaşatmağa çalışmışlar. Onların yaradıcılıqlarında Xocalı mövzusuna müraciət edərək müxtəlif janrlarda əsərlər yaratmışlar. Bunlardan Məmməd Quliyevin “Simfoniya-Rekviyem”, Azər Rzayevin “Bakı-90” əsərlərini xüsusi qeyd etmək istərdim.
Sonda F.Əlizadə Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən düzgün hüquqi-siyasi qiymət veriləcəyinə və ədalətin bərqərar olacağına əminliyini bildirmişdir.
Anma tədbirində ABİ-nin katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarovanın “Azərbaycan musiqisində Xocalı səhifələri” mövzusunda məruzəsi dinlənilmişdir.
Tədbirdə F.Şopenin “Matəm marşı”nın, Məmməd Quliyevin “Simfoniya-Rekviyem”in videoyazısı, beynəlxalq müsabiqə laureatı Ümidə Abbasovanın ifasında (violin) C.Villiamsın “Şindlerin siyahısı” filmindən musiqilər səsləndirilmişdir.