AZƏRBAYCAN BİZİ RAKETLƏRDƏN QORUYACAQ
Bu istirahət günləri ərəfəsində Rusiyanın xaricdəki daha bir hərbi bazasının - Moskva üçün son dərəcə əhəmiyyətli olan bir bazanın müqəddəratı həll olundu. Azərbaycan Prezidenti Heydər Əliyevin səfəri zamanı Azərbaycanın Qəbələ rayonunda yerləşən və Rusiyanın raket hücumu barəsində qlobal xəbərdarlıq sisteminə (RHXS) daxil olan “Dəryal” tipli radiolokasiya stansiyasının statusu barədə illərlə davam edən danışıqlar, nəhayət, başa çatdı. Hələ sovet dövründə yaradılmış RHXS milli nüvə cəbbəxanalarını idarəetmə sistemi ilə bilavasitə bağlıdır və Rusiyaya qarşı raket- nüvə silahının tətbiq edilməsi barədə ölkə rəhbərliyinə vaxtında xəbərdarlıq etmək üçün nəzərdə tutulmuşdur. SSRİ dağıldıqdan sonra RHXS-ə daxil olan radiolokasiya “şəbəkələrinin” əksəriyyəti Rusiya ərazisindən kənarda - Azərbaycanda, Belarusda, Qazaxıstanda, Latviyada və Ukraynada qaldı. 1990-cı illərin sonunadək Azərbaycanın Qəbələ rayonundakı RLS-dən savayı (doğrudur, Latviyanın Skrunda şəhərindəki RLS sökülmüşdür), digər RLS-lər barədə razılıq əldə etmək mümkün oldu. Son illər bu obyektin özündə vəziyyət nisbətən sakit olsa da (1992-ci ildən bəri RLS-i hücumla ələ keçirmək cəhdi olmamışdır), rəsmi Bakı “Qəbələ problemi”ndən Moskvaya əlverişli təzyiq vasitəsi kimi istifadə etmişdir. İndiki danışıqların yekunu kimi imzalanmış sazişə görə Moskva stansiyanı Azərbaycanın obyekti hesab etməyə razı olmuş və eyni zamanda onu 10 il müddətinə icarəyə götürmüşdür. RLS-ə yenə Rusiya hərbi qulluqçuları (ən çoxu 1,5 min nəfər) xidmət edəcəklər. Azərbaycan tərəfi hərbi qulluqçuların respublikanın daxili işlərinə qarışmaması şərtilə, onların təhlükəsizliyinə zəmanət verir. İcarə haqqı Moskvaya hər il 7 milyon dollara başa gələcəkdir. Bundan əlavə, Rusiya stansiyadan 2001-ci il dekabrın 31-dək istifadəyə görə borc kimi 31 milyon dollar ödəməyi də öhdəsinə götürmüşdür.
“Vremya novostey” qəzeti, 28 yanvar 2002-ci il