Azərbaycan boksçusu “Rio-2016”ya lisenziya uğrunda növbəti döyüşünü qələbə ilə tamamlayıb
Bakı, 21 iyun, AZƏRTAC
Bakıda “Rio-2016” lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün 81 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Teymur Məmmədov Olimpiadaya vəsiqə uğrunda növbəti qələbəsini qazanıb. Səkkizdəbir final mərhələsində Gürcüstan idmançısı Laqo Kiziriya ilə qarşılaşan boksçumuz üç raunddan ibarət görüşün ilk və həlledici hissələrində rəqibindən güclü olub. İdmançımız qələbə sayəsində dörddəbir finala yüksəlib.
Bu gün axşam daha iki təmsilçimiz - Rüfət Hüseynov (49 kq) dörddəbir finalda mərakeşli Zuhir əl-Bakkali, Kamran Şahsuvarlı (75 kq) isə venesuelalı Xose Qonsales Mendeslə səkkizdəbir finalda qarşılaşacaq.
Qeyd edək ki, 39 lisenziya uğrunda 105 ölkədən 469 kişi idmançının mübarizə apardığı dünya təsnifat turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir. Turnirdə 75 və 81 kiloqram çəkilərdə Olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. 49 kiloqram çəki dərəcəsində isə finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər üç boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət milli komanda olimpiadaya tam heyətlə qatılacaq.