Azərbaycan bundan sonra da Yaponiyaya yardım göstərməyə hazırdır
Bakı, 7 may (AZƏRTAC). Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Yaponiyanın xarici işlər nazirinin müavini Hisaşi Tokunaqanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
H.Tokunaqa Yaponiyanın xarici işlər naziri Takeaki Matsumotonun Azərbaycanın xarici işlər nazirinə ünvanlanmış təşəkkür məktubunu təqdim etmişdir. Qonaq Yaponiyada baş vermiş təbii fəlakətlə bağlı Azərbaycanın onun ölkəsinə həm mənəvi, həm də maddi dəstəyini yüksək qiymətləndirmişdir. Azərbaycan tərəfinin bu addımını iki dövlət arasında dostluq rəmzi kimi dəyərləndirən H.Tokunaqa ölkəsinin üzləşdiyi faciənin nəticələrinin aradan qaldırılması istiqamətində görülən bərpa işləri barədə məlumat vermişdir.
E.Məmmədyarov bərpa müddətinin tezliklə bitməsinə ümid etdiyini və Azərbaycanın bundan sonra da Yaponiyaya yardım göstərməyə hazır olduğunu vurğulamışdır. Ölkəmizin Yaponiyada evsiz-eşiksiz qalmış insanların acısını dərk etdiyini və paylaşdığını qeyd edən nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində respublikamızda 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirmişdir.
Görüşdə ikitərəfli münasibətlərin inkişafının, siyasi, iqtisadi və enerji sahələrində dialoqun davam etdirilməsinin vacibliyi vurğulanmış, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.